Sərhədlərimiz etibarlı əllərdədir | FOTOLAR

   Sərhədlərimiz etibarlı əllərdədir    | FOTOLAR
  01 Noyabr 2024    Oxunub:1054
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarət Komandanlığına təşkil olunan mediaturda mən də iştirak etdim. Azərbaycan Respublikasının quru, dəniz və hava məkanında sərhəd nəzarətini həyata keçirən Komandanlığının ərazisi, inzibati binası, yerinə yetirdiyi funksiyalar, xidmətdə istifadə edilən avtomaşınlar, xüsusi avadanlıqlar və cihazlar ilə yaxından tanış oldum.

Şəxsi heyətin tədris prosesi ilə bərabər asudə vaxtlarını səmərəli keçirməsi və idmanla məşğul olması üçün ideal şərait yaradılıb. Sərhəd Nəzarəti Komandanlığına ezamiyyətə gələn heyət üçün yüksək rahatlığa malik otaqlar nəzərdə tutulub. Müasir avadanlıqlarla təchiz olunan Məlumat Mərkəzi, konfrans salonu, tədris və iş otaqları, idman zalı və yeməkxana şəxsi heyətin tələbatını tam şəkildə ödəyir.


Məlumat Mərkəzi ölkənin istənilən sərhəd keçid məntəqəsindəki fəaliyyətləri onlayn və 7 gün/24 saat rejimində izləyə bilir. Bu Mərkəzin “qaynar xətti”nə gələn təklif və iradlar əməkdaşlar tərəfindən dərhal qeydiyyata alınır və aidiyyati üzrə yönləndirilir.


Sərhəd Nəzarətinin həyata keçirilməsi zamanı xidmətdə istifadə edilən avtomaşınlar, xüsusi avadanlıqlarla və cihazlar dünyanın tanınmış istehsalçıları tərəfindən hazırlanıb. Başqa sözə desək, xidmət aparmaq üçün ehtiyacımız olan avadanlıqların ən yaxşısını əldə etmişik.


Mediatur zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığının kinoloji xidmətinin iş prinsipi ilə tanış oldum, xüsusi təlim görmüş Belçika və Almaniya itlərinin iştirakı ilə əyani “əməliyyat” prosesini də maraqla izlədim.


Mənim üçün maraqlı olan başqa bir məsələ Azərbaycan Respublikası tərk edən və ölkəyə daxil olan şəxslərin sərhəd yoxlanış məntəqələrində yoxlama zamanı sənədlərində problemlərin aşkarlanması prosesindən ibarət oldu. İlk dəfə ömrümdə yüzlərlə müxtəlif ölkənin saxta pasportunu və şəxsiyyət vəsiqələrini bir yerdə gördüm.


Dövlət Sərhəd Xidmətinin digər strukturları kimi Sərhəd Nəzarəti Komandanlığının 170-dən çox hərbi qulluqçusu Vətən Müharibəsi zamanı gedən döyüşlərdə iştirak ediblər. Onlardan iki nəfəri döyüşlərdə qəhrəmancasına şəhid olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Sərhəd Nəzarəti Komandanlığının şəhid olan, yaralanan və döyüşlərdə iştirak edən hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edib.


Vətən Müharibəsindən sonra Qubadlı və Laçında sərhəd keçid məntəqələrinin cəmisi bir neçə dəqiqə ərzində quraşdırılması da sərhədçilərimizin yüksək döyüş hazırlığından xəbər verir. Hazırda Sərhəd Nəzarətinin şəxsi heyəti, o cümlədən sərhədçi qadınlarımız da 40 sərhəd keçid məntəqəsində vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Bu məntəqələrə həm azad olunan ərazilərdə inşa edilən yeni hava limanları, həm də Ermənistanla şərti dövlət sərhədində yerləşən yeni sərhəd keçid məntəqələri daxildir.


COP29 ərəfəsində ölkəmizə gəlməsi gözlənilən çoxsaylı nümayəndə heyətlərinin qarşılanması prosesində DSX-nin Sərhəd Komandanlığının, xüsusilə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət edən əməkdaşların üzərinə böyük məsuliyyət düşəcək. Bunu nəzərə alan Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyev COP29-a hazırlıq proseslərinə şəxsən nəzarət edir. Bu gün başa çatan mediatur çərçivəsində Sərhəd Nəzarəti Komandanlığının COP29-a hazır olduğunu, sənədlərin operativ yoxlanılması üçün xüsusi texnoloji təchizatların hazır vəziyyətə gətirildiyini müşahidə etdim.


Yuxarıda qeyd edilənləri nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində qalib Azərbaycanımızın quru, dəniz və hava sərhədlərinə nəzarət yüksək səviyyədə təmin olunur. Bu gün bütün sərhədlərimiz etibarlı əllərdədir. Qəhrəman sərhədçilərimiz istənilən irimiqyaslı tədbirlərin, o cümlədən, COP29-un keçirilməsinə də tam hazırdır.

Ədalət Verdiyev,
hərbi ekspert
AzVision.az üçün


Teqlər: DSX   Sərhəd  





Xəbər lenti